REGİONLAR
Naxçıvanın 180-dən çox ümumtəhsil məktəbinin şagirdləri interaktiv açıq dərsdə iştirak edib
Naxçıvan, 26 noyabr, AZƏRTAC
“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə ilk açıq dərs təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar Müəllimi Azadə Məmmədovanın apardığı açıq dərsi muxtar respublikanın 187 ümumtəhsil məktəbinin ibtidai sinif şagirdləri izləyiblər.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində muxtar respublikada ayda iki dəfə müxtəlif fənlər üzrə “interaktiv açıq dərs”lərin keçilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub. Həmin sistemdən videokonfransların, müəllim-şagird dialoqunun, mühazirələrin onlayn rejimdə təşkilində, seminarların keçirilməsində istifadə olunur.
“İnteraktiv açıq dərs” layihəsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.