REGİONLAR


Naxçıvanın 450 mininci sakini dünyaya gəlib

Naxçıvan, 10 may, Rauf Kəngərli, AZƏRTAC

Naxçıvan şəhər sakinləri Orxan Babayev ilə Şəbnəm Abdullayevanın ailəsində mayın 4-də Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini - Babayev Fərhad Orxan oğlu anadan olub.

AZƏRTAC xəbər verir ki, mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib.

Muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov muxtar respublikanın 450 mininci sakini ilə bağlı tədbirin Ulu Öndərin anadan olmasının 94-cü ildönümünün təntənəli şəkildə qeyd olunduğu bir gündə keçirildiyini vurğulayaraq deyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan alternativsiz inkişaf yolu bu gün muxtar respublikada müvəffəqiyyətlə davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunub. Son illər muxtar respublikada əhalinin etibarlı sosial müdafiəsinin, habelə insanların yüksək rifah halının təminatı istiqamətində reallaşdırılan ardıcıl tədbirlər də Ulu Öndərin müəyyənləşdirdiyi milli inkişaf modelinin sosialyönümlü səciyyəsindən irəli gəlir. Muxtar respublikanın paytaxtında olduğu kimi, rayonlarda, ən ucqar kəndlərdə belə ən müasir infrastrukturun qurulması, mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılması Naxçıvanda demoqrafik artıma öz müsbət təsirini göstərib. Məhz bunun nəticəsidir ki, ötən 8 ildə muxtar respublikada əhalinin sayı 400 mindən 450 min nəfərə çatıb.

Uşağın anasını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri adından təbrik edən Rəhman Məmmədov ona mükafat təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikanın 450 mininci sakininə hədiyyələr veriblər.

Valideyn Şəbnəm Abdullayeva göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.