SİYASƏT


Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Günü qeyd edilib

Bakı, 14 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov “Milli Qurtuluş Günü bütün bayramlarımızın açarıdır” mövzusunda məruzə ilə çıxış edib. O, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndər Azərbaycanı parçalanmaqdan, məhv olmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Dahi lider ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olub. Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz Ulu Öndərin yenilməz iradəsi, böyük ürəkli vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu dövr ərzində ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb. Prezident İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri var. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Heydər Əliyev bizim müstəqil ölkənin vətəndaşı olmaq səbəbkarımızdır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız Azərbaycandakı böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu ünvandır. Blokada şəraitində olsa da Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Bütün bunları isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsi hesab etməliyik. Heydər Əliyev siyasəti yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bizlərə bəxş etdiyi bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Qurtuluş Gününü əziz tutur, bu bayramı böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulub, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açıb. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaq. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyevin etibarlı əllərindədir.

Sonda böyük Heydər Əliyevin tarixi qayıdışı və milli dövlətçiliyimizin xilası zamanı baş vermiş proseslərdən danışan B.Əsgərov, eyni zamanda, Prezident İlham Əliyevlə birgə bu günə qədərki milli dövlətçilik və inkişaf strategiyasının həyata keçirilməsində əsl vətəndaşlıq mövqeyinə malik Azərbaycanın dövlət xadimi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai–siyasi xadim və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xidmətlərini də qeyd edib, onun təkrarsız fəaliyyəti və Naxçıvanın inkişaf konsepsiyasının uğurlu inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı Heydər Əliyevin bizə miras qoyub getdiyi müstəqil Azərbaycanımızın Qurtuluş Gününə verilən ən böyük töhfə hesab oluna bilər.

Tədbirdə digər çıxış edənlər Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.