SİYASƏT


Naxçıvanın Bakıdakı nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb.

B.Əsgərov deyib: “Həmrəylik günü xalqımızın birlik, bərabərlik nümayiş etdirdiyi gündür. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır”.

Nümayəndəliyin rəhbəri xalqımızın müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli Liderin Vətən sevgisindən, Azərbaycanın dünyada tanıdılması, xaricdə yaşayan soydaşlarımızın tarixi vətənləri ilə sıx əlaqə qurması istiqamətində gördüyü işlərdən danışıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra bütün bölgələrimizdə, o cümlədən Naxçıvanda həyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində qurulub. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib.

Bildirib ki, yeni əsrin lideri Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bütün ideyalarını həyata keçirməklə dünyada yaşayan azərbaycanlılara hər zaman dəstəyini nümayiş etdirir. Bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət ilə təmin olunacaq.

Nümayəndəlik rəhbəri qeyd edib ki, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirib, Naxçıvan daha da müasir görkəmə qovuşub. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub.

Ali Məclisin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlərdən bəhs edən B.Əsgərov deyib ki, bu gün Naxçıvanda iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu ənənə hazırda da davam etdirilir.

Daimi nümayəndəliyə bayram kompozisiyası hədiyyəsi ilə qonaq gəlmiş İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev çıxış edərək daimi nümayəndəliyin təşəbbüsü ilə təşkil olunan tədbiri yüksək dəyərləndirib.

Teatrın direktoru rəhbəri olduğu sənət ocağının daimi nümayəndəlik ilə sıx əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik edib.

Daha sonra qonaqlar İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyətinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş və Naxçıvana böyük sevgini ifadə edən kompozisiya maraqla qarşılanıb. Tədbir çərçivəsində musiqisi Tofiq Bakıxanova, sözləri İftixar Piriyevə aid olan “Naxçıvan” mahnısı ilk dəfə səsləndirilib.

Sonda Bəxtiyar Əsgərov belə bir möhtəşəm kompozisiyanın təqdim olunmasına görə teatrın kollektivinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.