REGİONLAR
Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində ötən il 4 min 316 xəstə müalicə alıb
Naxçıvan, 1 fevral, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasındakı Duzdağ Fizioterapiya Mərkəzində 2014-cü ildə 4 min 316 xəstə müalicə alıb. Şəfa ocağına müraciət edənlərin 260-ı xarici ölkə vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, xarici ölkələrdən - Rusiyadan 123, Türkiyədən 55, Qazaxıstandan 48, Gürcüstandan 45, Ukraynadan 6, Avstriyadan 2, Tacikistandan 1, İngiltərədən 1 nəfər mərkəzdə müalicə alıb.
Bəhs edilən dövrdə mərkəzdə 456 muxtar respublika sakini müalicə alıb. Onlardan 179-u Naxçıvan şəhər sakini olub.
Mərkəzin baş həkimi Ruslan Süleymanovun bildirdiyinə görə, uşaqlar 12-15, böyüklər isə 14-18 gün hər cür şəraiti olan yeraltı tuneldə yaşamaqla müalicə almış olurlar. Burada ilin istənilən fəslində müalicə almaq mümkündür. Temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr tuneldə, təxminən, 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
Baş həkim Ruslan Süleymanov qeyd edib ki, Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər. Xəstələr əvvəlcə 2-3 gün müddətində xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra saat 18:00-dan səhər saat 8:00-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə olunur.
Baş həkim onu da bildirib ki, hazırda burada 300 yataq yeri mövcuddur. Ancaq artan tələbat nəzərə alınaraq mərkəzdə körpə uşaqlar üçün əlavə 50 yataqlıq palatalar qurulur. Yeni qurulan palatalar mərkəzin tibbi xidmət imkanlarını daha da artıracaq.
Qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzində, əsasən, allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar.