REGİONLAR


Naxçıvanın əlyazma mətnlərindən bəhs edən monoqrafiya işıq üzü görüb

Naxçıvan, 29 iyun, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı yeni monoqrafiyası işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri - filologiya üzrə elmlər doktoru, professor Sənan İbrahimov və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.

Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq bu əsərdə XIX əsrin sonu - XX əsrin əvvəlləri Naxçıvana dair əlyazma qaynaqları, onların təsvir prinsipləri, filoloji-tekstoloji təhlili və digər səciyyəvi xüsusiyyətləri araşdırılıb. Müəllif 30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələri sistemli tədqiqata cəlb edib.

Monoqrafiyada Əbu Bəkr ibn Xosrov əl-Ustadın “Munisnamə”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhab əd-Dümu” kitabları, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaidi-fəlsəfə” əsərləri, Heyran xanımın “Divanı”, Cəlil Məmmədquluzadənin müxtəlif məktubları və “Molla Nəsrəddin” jurnalının gizli müəllifləri, Türkiyə Cümhuriyyətindəki “Osmanlı arxivi”ndə saxlanılan “Naxçıvan sancağı” adlı əlyazmalar və digər əsərlər filoloji-tekstoloji təhlil olunub.

Nəşrdə, həmçinin Herodotun “Tarix” kitabından “Astiyaq” və “Tomiris” əfsanələrinin, “Oğuznamə” və “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanla və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla əlaqəsindən danışılır.

XIX əsrin sonu - XX əsrin əvvəllərinə dair Naxçıvan əlyazmaları ərəb əlifbasının müxtəlif xətt növləri ilə yazılıb və həmin əlyazmalar Naxçıvanın ərazisi, əhalisi, toponimləri, etnik tərkibi, elmi, ədəbiyyatı, mədəniyyəti barəsində zəngin məlumat verir və bütün bunlardan sözügedən kitabda ətraflı bəhs olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.