REGİONLAR


Naxçıvanın iqtisadi potensialı Qazaxıstanın ölkəmizdəki səfirində dərin təəssürat yaradıb

Naxçıvan, 16 iyun, Tural Kəngərli, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev iyunun 14-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İki gün davam edən səfəri çərçivəsində səfir muxtar respublikanın istehsal və təhsil müəssisələri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Burada qonağa məlumat verilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Ulu Öndər tərəfindən qəbul edilən qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, Ümummilli Liderə göndərilmiş məktub və teleqramlar mənalı ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə də dolğun təsəvvür yaradır.

Naxçıvan Biznes Mərkəzinə gələn Beybit İsabayevə bildirilib ki, burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.

Sərgidə 900-dən çox müxtəlif adda məhsul nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.

Milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri səfirin diqqətini cəlb edib. Bildirilib ki, mərkəzin nəzdində xalq yaradıcılığı emalatxanası və iki satış mağazası fəaliyyət göstərir.

Naxçıvanın iqtisadi potensialı Qazaxıstanın ölkəmizdəki səfirində dərin təəssürat yaradıb.

Qazaxıstanlı səfir Beybit İsabayev Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, ali təhsil ocağındakı mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.

Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan ali təhsil ocağında dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar var. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, İspaniya, Fransa, Cənubi Koreya, Rusiya, Rumıniya və digər Avropa ölkələrinin ali məktəblərində uğurla davam etdirirlər.

İyunun 15-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.