REGİONLAR
Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanışlıq Niderland səfirində xoş təəssüratlar yaradıb
Naxçıvan, 3 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, iyunun 1-də Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gəlib. Səfər çərçivəsində Onno Kervers muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub, istehsal sahələri ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Universiteti ilə tanış olan səfir ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri ilə görüşüb. Onno Kervers Niderland-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha sonra səfir Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal edilən məhsullarla tanış olub.
Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı barədə maraqlanan Niderland Krallığının səfirinə bildirilib ki, Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqların quraşdırıldığı zavodda “NAZ-Lifan” markalı avtomobillər istehsal edilir.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində qonağa burada istehsal olunan “Badamlı” mineral suyu haqqında məlumat verilib.
Naxçıvan Sənaye Kompleksinin ərazisinə gələn qonağın diqqətinə çatdırılıb ki, buradakı kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən müəssisələrdir.
Sonra Onno Kervers Naxçıvan Sement Zavoduna gəlib. Bildirilib ki, bu müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1200 ton olan zavodda müasir texnologiya əsasında ən yeni avadanlıqlar quraşdırılıb. Naxçıvan sementi ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə buraxılır və satış üçün Bakı şəhərinə, habelə Gürcüstana göndərilir.
Duzdağ Fizioterapiya Mərkəzində diplomat bu şəfa ocağının müalicə imkanları ilə maraqlanıb. Qeyd edilib ki, burada bronxial-astma xəstəliyindən əziyyət çəkən insanlar müalicə olunurlar. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən xəstələr buraya gələrək müalicə alırlar.
Səfərin ikinci günü Naxçıvan Dövlət Xalça Muzeyinə gələn səfir müxtəlif dövrlərə aid 3 mindən çox maddi-mədəniyyət nümunəsinin qorunub saxlandığı muzeydən xoş təəssüratlarla ayrılıb.
Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq səfirdə böyük maraq doğurub. Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da diplomata ətraflı məlumat verilib. Xan sarayında isə bildirilib ki, buradakı muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb.
Daha sonra Onno Kervers Heydər Əliyev Sarayında olub, Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş etdirilən əsərlərə, həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyalarına, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatlarına, mis alətlərə, qəbirüstü abidələrə, silahlara, qiymətli eksponatlara baxıb.
İyunun 2-də Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kerversin Naxçıvana səfəri başa çatıb.