REGİONLAR


Naxçıvanın muxtar respublika statusu əldə etməsi tarixi nailiyyətdir

Naxçıvan, 6 fevral, AZƏRTAC

Naxçıvanın muxtar respublika statusu qazanması bölgədə 1918-1921-ci illərdə cərəyan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, regionun geosiyasi vəziyyətinin və iki mühüm beynəlxalq müqavilə sayəsində mümkün olub.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində çoxəsrlik Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev lektoriyası”nın 73-cü məşğələsində səsləndirilib.

Lektoriyada bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mürəkkəb tarixi inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Bildirib ki, bütün dövrlərdə Naxçıvan nəinki qonşu dövlətlər, həmçinin dünyanın digər dövlətləri üçün də böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb edib. XX yüzilliyin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan diyarı üçün çətin inkişaf dövrü olub. Uzun müddət Naxçıvanı “böyük Еrmənistаn”а qatmaq üçün cəhdlər göstərən erməni daşnakları bu xülyalarını reallaşdıra bilməyiblər. Çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılıb, ona muxtariyyət statusu verilib.

Ümummilli lider Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının оlduqca mürəkkəb bir siyasi şəraitdə əldə еtdiyi böyük tarixi nailiyyət idi” sözlərini xatırladan İsmayıl Hacıyev Naxçıvanın muxtar respublika statusu əldə etməsinin böyük tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyevin “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyəti məsələsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi azərbaycanlıların müxtəlif dövrlərdə ermənilər tərəfindən soyqırımına məruz qaldığını söyləyərək bildirib ki, xalqın əzmli müqaviməti, görkəmli siyasi xadimlərin müdrik siyasəti, o cümlədən Türkiyənin yardımı sayəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alınıb. Bir vaxtlar əhalinin müqaviməti, Mustafa Kamal Atatürk, Behbud ağa Şahtaxtinski kimi böyük siyasi xadimlərin səyi sayəsində mövcudluğunu qoruyan bu diyar Sovetlər İttifaqının dağılmasından sonra bu dəfə ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində varlığını mühafizə edib.

Vurğulanıb ki, hazırda muxtar respublika əhalisinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı konkret tədbirlərin görülməsi, zəruri istiqamətlərin müəyyənləşdirilməsi blokada şəraitində yaşayan regionun hərtərəfli inkişafına stimul yaradır. Dövlət siyasətinin muxtar respublikada məqsədyönlü şəkildə həyata keçirilməsi, göstərilən diqqət və qayğı nəticəsində həyatın bütün sahələrində uğurlar və nailiyyətlər əldə olunur.

Lektoriyanın sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.