REGİONLAR
“Naxçıvanın tarixi coğrafiyası” adlı monoqrafiya nəşr edilib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadənin “Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyası nəşr edilib.
AZƏRTAC xəbər verir ki, monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, rəyçilər AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev və tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir. Yeddi dildə olmaqla 240 elmi mənbə, ədəbiyyat, arxiv sənədləri, dövri mətbuat materialları əsasında yazılmış monoqrafiya giriş, 3 fəsil, nəticə, xəritə və şəkillərdən ibarətdir.
Monoqrafiyada XII-XVIII əsrin I yarısında Naxçıvan diyarının tarixi coğrafiyası tədqiq edilib. Kitabda həmin dövrdə Azərbaycanın Naxçıvan diyarının daşıdığı inzibati statuslar, sərhədləri, ərazisi, şəhərləri, əhalisinin etnik və dini tərkibi öyrənilib. Tarixşünaslığımızda ilk dəfə olaraq bəhs edilən ayrı-ayrı dövrlər üzrə Naxçıvan diyarının ərazisi ilə bağlı hesablamalar aparılıb, diyarın tərkibində olan müxtəlif inzibati vahidlər barədə müfəssəl məlumat verilib. Aparılmış elmi-tədqiqatlar, müxtəlif tarixi mənbələrdən əldə edilmiş tarixi faktların təhlilinin nəticəsi olaraq monoqrafiyada göstərilir ki, bəhs olunan dövrdə Naxçıvan diyarı indikinə nisbətən daha geniş əraziləri əhatə edib. Tarixi Azərbaycan torpaqları olan Dərələyəz, Zəngəzur, Qafan, Sisyan, Mehri və Tatevin taleyi Naxçıvanla bağlı olub.
Monoqrafiyada tədqiq edilmiş dövrlər üzrə təqdim olunmuş xəritə-eskizlər oxucuda hər bir dövr üzrə əyani təsəvvürün formalaşdırılmasına xidmət edir.