REGİONLAR
“Naxçıvanın turizm imkanları” mövzusunda keçirilən foto-müsabiqənin qalibləri mükafatlandırılıb
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvanın turizm imkanları” mövzusunda keçirilən foto-müsabiqənin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayevin çıxışları olub. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının təbliği və təşviqi, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin fotolar vasitəsilə tanıdılması, gənclərin muxtar respublikanın turizm imkanlarının təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. Çıxış edənlər tədbir iştirakçılarına muxtar respublikanın turizm imkanlarının tanıdılmasında daha da aktiv olmağı, sosial şəbəkələrdə fotoşəkillər vasitəsilə təbliğat işinin aparılmasında fəal olmağı tövsiyə ediblər.
Sonra foto-müsabiqənin qalibləri mükafatlandırılıb.
Yekun nəticəyə görə, Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Elman Mahmudov I yerə, müstəqil iştirakçı Yaqub İsayev II yerə, NDU-nun tələbəsi Anar Sadiqov III yerə, NDU-nun tələbəsi Elmin Ələkbərov, Naxçıvan Tibb Kollecinin tələbəsi Vasif Alırızalı, “Naxçıvan” Universitetinin tələbəsi Məhəmməd Səfərov isə həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqə qaliblərinə təşkilatçıların diplom, fəxri fərman, kitab və qiymətli hədiyyələri təqdim olunub.