REGİONLAR
Naxçıvanın turizm potensialını əks etdirən elektron resurslar zənginləşdirilir
Naxçıvan, 17 avqust, AZƏRTAC
Muxtar respublikanın geniş turizm potensialını əks etdirən elektron resursların yaradılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, ötən müddət ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı (www.turizm.nakhchivan.az) yenilənib, Naxçıvanın tarixi, təbiəti, onun şəhər və rayonları, burada inkişaf etdirilən turizm növləri, mövcud turizm marşrutları, turistləri maraqlandıran yerlər, onlara işgüzar xidmətlər təklif edən müəssisələr haqqında məlumatlar və fotoqalereya yerləşdirilib.
Mərkəzin saytında kənd turizmi ilə bağlı məlumatlar maraq doğurur. Belə ki, muxtar respublikada kənd turizminin inkişafı məqsədilə ecazkar kənd həyatının və yeniləşdirilmiş kənd infrastrukturunun imkanlarından istifadəyə üstünlük verilir.
Naxçıvanda kənd turizminin inkişafı məqsədilə aparılan maarifləndirici tədbirlər artıq öz faydasını verir. Bu gün muxtar respublikada bu tipli kənd evlərində ölkəmizin digər yerlərindən gəlmiş qonaqlar istirahət edirlər. Belə ki, mərkəzin saytında Şərur, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarındakı çox sayda fərdi kənd evinin fotoşəkilləri, habelə onların sahiblərinin adları, ünvanları və telefon nömrələri yerləşdirilib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytındakı bütün bu məlumatlarla ingilis dilində də tanış olmaq mümkündür.
Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə Naxçıvanın zəngin turizm ehtiyatlarından səmərəli istifadə olunması və burada turizmin mümkün növləri üzrə geniş təbliğat işləri aparılması tapşırığı verilib. Görülən işlər də məhz bu istiqamətdə aparılır.