REGİONLAR
Naxçıvanın zəngin təbiəti ABŞ səfirində xoş təəssürat yaradıb
Naxçıvan, 10 sentyabr, Rauf Əliyev, AZƏRTAC
Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, burada Robert Sekutaya qoruğun flora və faunası barədə ətraflı məlumat verilib.
Bildirilib ki, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunda hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. 2003-cü il iyunun 16-da ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə Şahbuz Dövlət Təbiət Qoruğunun yaradılması ilə bağlı Fərman imzalayıb. O vaxta qədər qoruq ərazisində olan heyvanların, quşların və bitkilərin bəzilərinin sayı az idi. Lakin qoruq elan olunan ərazidə dövlət qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində bu gün hətta nəsli kəsilməkdə olan heyvanların, quşların baş sayının artımı müşahidə olunmaqdadır. Fauna və floranın qorunması işində dövlət tərəfindən göstərilən qayğı ən böyük amildir.
Səfir Robert Sekuta Batabat yaylağındakı göllər ilə yaxından maraqlanıb. Diqqətə çatdırılıb ki, bu hidroloji abidələr eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur Üzən ada, Zorbulaq da burada yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir.
ABŞ səfiri Batabatın təbiət mənzərəsinə və buradakı hidroloji abidələrə heyranlığını ifadə edib.
Naxçıvan Günəş Elektrik Stansiyasında səfirə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş elektrik stansiyası quraşdırılıb. Məqsəd muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artırıb, ucuz elektrik enerjisi istehsalına imkan verib.
ABŞ səfiri Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıb.
Sentyabrın 9-da Robert Sekuta səfərinin nəticələri ilə bağlı muxtar respublikada fəaliyyət göstərən yerli və mərkəzi mətbuat nümayəndələrinə müsahibə verib, sualları cavablandırıb.
Həmin gün ABŞ səfirinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.