REGİONLAR
Naxçıvanlı idmançı dünya birinciliyində yüksək nəticə göstərib
Naxçıvan, 15 aprel, AZƏRTAC
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə VII dünya birinciliyində Naxçıvanlı idmançı yüksək nəticə göstərib.
AZƏRTAC xəbər verir ki, yüzə yaxın ölkədən 445 atletin iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış edib. 77 kiloqram çəki dərəcəsinin B qrupunda yarışan atletimiz - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev birdən qaldırma hərəkətində 125 kiloqram çəkinin öhdəsindən gələrək, bu hərəkətdə 4-cü olub. Atlet təkanla qaldırma hərəkətində daha yüksək nəticə əldə edib. O, 3-cü yanaşmasında 155 kiloqram ağırlığı qaldırıb və bu hərəkətdə 2-ci yeri tutub. Bununla yanaşı, ümumilikdə, 280 kiloqram (125+155) nəticə göstərən Tərmenxan B qrupunda ümumi sıralamada birinci yeri tutub.
Məlumat üçün bildirək ki, atletimiz ötən ilin oktyabrında Malayziyanın Penanq şəhərində keçirilən dünya birinciliyində iştirak edib. Aradan qısa müddət keçməsinə baxmayaraq, Tərmenxan Babayev Banqkokda mükəmməl çıxış edərək, nəticələrini xeyli yaxşılaşdırıb. Belə ki, o, 232 kiloqramlıq nəticəni birdən-birə 48 kiloqram artırıb. Bu, dünya idman arenasında ən yüksək nəticə hesab edilir. Bu nəticə ilə idmançımız 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.