REGİONLAR
Naxçıvanlı idmançılar Azərbaycan birinciliyinin qalibi olublar
Naxçıvan, 21 fevral, AZƏRTAC
Bakı şəhərindəki Respublika Olimpiya Mərkəzində yüngül atletika üzrə 16-17 yaşlı oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfərdən ibarət komandası da iştirak edib.
AZƏRTAC xəbər verir ki, 13 gün davam edən birincilikdə naxçıvanlı idmançılar uğurla çıxış ediblər. Belə ki, ən yüksək nəticəni qızlar arasında 1500 metr məsafədə Telli Abbasova göstərib. O, finiş xəttini ikinci keçərək Azərbaycan birinciliyində gümüş medal qazanıb. Gülafət Müslümova isə ilk üçlükdə yer almağa müvəffəq olub. O, komandasına bürünc medal qazandırıb.
Ümumiyyətlə, muxtar respublikanın komandası bu nəticə ilə yanaşı, komanda hesabında daha böyük uğur əldə edib. 800 metr məsafəyə estafet qaçışında qızlardan ibarət komanda bütün rəqiblərini geridə qoyaraq ölkə birinciliyinin qalibi olub.
Qalib idmançılara və komandaya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.