CƏMİYYƏT
Naxçıvanlı şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
Bakı, 24 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdləri Bakıya gətirən təyyarə martın 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.
AZƏRTAC xəbər verir ki, üzərinə “Ölkəmizi tanıyaq”, “Əziz naxçıvanlılar, Bakı şəhərinə xoş gəlmisiniz!”, “Novruz bayramınız mübarək” sözləri yazılmış banerlər quraşdırılan foyedə tur-aksiya iştirakçılarını folklor və rəqs qruplarının müşayiəti ilə milli geyimli qızlar qarşılayıblar.
Qrup rəhbəri Kamal Fərəcov AZƏRTAC-a müsahibəsində bildirib ki, maarifləndirici tur-aksiya çərçivəsində muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 150 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Tur-aksiyanın məqsədi ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin şagirdlərə əyani şəkildə çatdırılmasıdır. Bu layihə məktəblilərin ümumi dünyagörüşünün formalaşmasına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə təsir göstərir. Düşünürəm ki, bu layihə gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tərbiyəsində əhəmiyyətli rol oynayacaq. Biz layihə iştirakçıları adından tur-aksiyanın təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Məktəb müəllimi Ülviyyə Cəfərova vurğulayıb ki, maarifləndirici tur-aksiyanın şagirdlər üçün müsbət cəhətləri çoxdur. İndiyədək ölkəmizin paytaxtı haqqında şagirdlərə şifahi dediklərimizi bizə əyani şəkildə göstərmək imkanı yaradılıb. Biz bu gözəl şəraiti yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik. İnanıram ki, bu layihə şagirdlərimizin intellektual səviyyələrinin yüksəlməsində böyük rol oynayacaq.
Məktəbli Zöhrab Musayev deyib: “Tur-aksiya biz şagirdlər üçün fürsətdir. Bu layihə sayəsində biz Bakını daha yaxından tanıyacağıq. Əvvəllər Bakı barəsində kitablardan məlumat almışdıq. İndi isə onun tarixi yerlərini, mədəniyyət ocaqlarını görəcəyik. Bunları nəzərə alaraq maarifləndirici tur-aksiyanın təşkilatçılarına təşəkkür edirəm”.
Naxçıvanlı şagird Tutu Abbasova qeyd edib ki, gənclər bu səfərlər zamanı geriyə yeni və zəngin biliklərlə qayıdırlar. Bu mənada tur-aksiya çərçivəsində nəzərdə tutulan tədbirlər gənclər üçün faydalı olacaq.
Şagirdlər tur-aksiyada iştirak etdiklərinə görə çox sevindiklərini söyləyib, Bakıya səfərdən zəngin təəssüratlarla və məlumatlarla geri dönəcəklərinə inandıqlarını deyiblər. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.
Martın 27-dək davam edəcək səyahət zamanı şagirdlər Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Tarixi Muzeyi, Xalça muzeyi, Beynəlxalq Muğam Mərkəzi, “Atəşgah” məbədi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və digər mədəni-tarixi yerlərlə, eləcə də Bakı Olimpiya Stadionu ilə tanış olacaqlar.