REGİONLAR
Naxcivantv.az saytında “Naxçıvanşünaslıq” bölməsi yaradılıb
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Muxtar respublikada fəaliyyət göstərən Naxçıvan televiziyasının (NTV) saytı olan Naxcivantv.az saytında “Naxçıvanşünaslıq” bölməsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bölmədə oxucular Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, muxtar respublikanın tarixi, ədəbiyyatı, arxeologiya və etnoqrafiyası, mədəniyyəti, folkloru, adət-ənənələri barədə yazılan çoxsaylı kitabların elektron variantı ilə tanış ola bilərlər. Həmçinin yeni bölmədə Naxçıvan televiziyasının qədim diyarın tarix və mədəniyyətindən, sosial-iqtisadi inkişafından bəhs edən filmləri də yer alıb.
“Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanda ilkin şəhər mədəniyyəti”, “Ermənilərin Naxçıvan bölgəsində törətdikləri soyqırımı aktları”, “Əlincəqala”, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası” və digər maraq cəlb edən kitabların elektron variantının saytda yerləşdirilməsi həmin kitabların daha geniş oxucu kütləsi tərəfindən mütaliəsinə şərait yaradacaq.
“Naxçıvanşünaslıq” bölməsinin daha da zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Naxçıvan televiziyasının rəsmi internet saytı 3 aydır fəaliyyət göstərir və ötən müddətdə böyük maraqla izlənilən sayta 1 milyona yaxın müraciət olub.