CƏMİYYƏT


Nazir BMT-nin konfransında Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərdən danışıb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 14-dən 17-dək Mərakeşdə BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı keçirilib. Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun və Mərakeş kralı 6-cı Məhəmməd iştirak edib. Dünyanın 194 ölkəsindən 15 minə yaxın nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı Prezident İlham Əliyevin tapşırığına əsasən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 16-da konfransın yüksək səviyyəli seqmentinin plenar iclasında H.Bağırovun Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər və gələcəkdə nəzərdə tutulan vəzifələrə dair çıxışı dinlənilib.

H.Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bəyan edib.

Nazir bildirib ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da tullantıların azaldılması üçün konkret layihələrin reallaşdırılması davam edəcək. Hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə yeni meşə massivlərinin salındığı, günəş panelləri istehsal edən zavodun fəaliyyətə başladığı və elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 600 milyon ton karbon tullantısının azaldıldığı vurğulanıb və bütün bu tədbirlərin Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi xüsusi olaraq qeyd edilib.

Eyni zamanda, H.Bağırov çıxışında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını bildirib və bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatının bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.