SİYASƏT
Nazir Manuel Qonsales Sanz: Kosta-Rika Azərbaycan ilə birgə layihələrin həyata keçirilməsində maraqlıdır
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini, bu xüsusda, Azərbaycanın Kosta-Rika ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Manuel Qonsales Sanzın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir Manuel Qonsales Sanz azərbaycanlı həmkarı ilə yenidən görüşməsindən məmnunluq hissi keçirdiyini bildirib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olunub.