İQTİSADİYYAT


Nazir Natiq Əliyev: Neftin qiymətinin azalmasının qarşısını almaq üçün kompleks tədbirlər planı işlənib hazırlanmalıdır

A+ A

Vyana, 29 oktyabr, AZƏRTAC 

Oktyabrın 29-da Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və üzv olmayan ölkələrin yüksək səviyyəli komitəsinin iclası keçirilib. Qeyri-OPEC ölkələrindən Azərbaycan, Rusiya, Qazaxıstan və Meksikanın təmsil olunduğu iclasın əsas məqsədi neft hasilatının məhdudlaşdırılmasına dair OPEC ölkələri arasında bu ilin sentyabr ayında bağlanmış Əlcəzair sazişinin həyata keçirilməsinə ilə bağlı qeyri-OPEC ölkələri ilə məsləhətləşmələrin aparılması olub.

Azərbaycanın energetika naziri Natiq Əliyev iclasın həmsədri seçilib.

İclasda dünya iqtisadiyyatının inkişaf meyilləri və müxtəlif iqtisadi proseslərin yaranma səbəbləri, dünya bazarlarında neftin qiymətinin azalmasının iqtisadi inkişafa təsiri məsələləri, bununla bağlı OPEC ölkələrinin 2017-ci ildə görməli olduğu cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qeyri-OPEC ölkələrinin yaxın gələcəkdə neft hasilatında payının nə qədər ola biləcəyi məsələsinə də diqqət yetirilib.

İclasın ümumi nəticələrini müsbət qiymətləndirən Natiq Əliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, müzakirələrdə Əlcəzair razılaşması ilə yanaşı, digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. O deyib: “İclasda qeyd edildi ki, neftin qiymətinin azalmasının qarşısını almaq üçün kompleks tədbirlər planı işlənib hazırlanmalıdır. Eyni zamanda, qeyd olundu ki, hasilatın artırılmaması ilə bağlı qərar qəbul edilərsə, onun idarəetmə mexanizmi yaradılmalıdır”.

Nazir deyib ki, hasilatın həcminin dəyişdirilməsi ilə bağlı əldə edilməli olan nəticəyə dair proqnozlaşdırma aparılmalıdır. Buna görə də texniki ekspertlər qrupunun noyabrın 26-da keçiriləcək növbəti görüşədək bu suallar üzərində işləməsi razılaşdırıldı.

İclas çərçivəsində Azərbaycanın energetika naziri Natiq Əliyev və OPEC-in baş katibi Məhəmməd Barkindo arasında görüş keçirilib. Görüşdə həm OPEC, həm də qeyri-OPEC ölkələrinin oxşar çağırışlarla üz-üzə qaldığı qeyd edilib, birgə çıxış yollarının araşdırılmasının vacibliyi vurğulanıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.