SİYASƏT


Nazir Sven Mikser: Estoniya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniyanın xarici işlər naziri Sven Mikser ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov bu ilin 7 aprel tarixində Bakıda hökumətlərarası birgə komissiyanın iclasının uğurla keçdiyini və aparılmış müzakirələrin informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Sven Mikser tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edərək Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi haqqında məlumat verib. O, Estoniyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini bildirib.

Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə saziş layihəsi üzrə işin aparıldığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən Elmar Məmmədyarov münaqişənin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Aİ tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyərək bu prinsipə hamılıqla riayət edilməli olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında məlumat verərək, Estoniya şirkətlərinin də bu layihələrin yaratdığı imkanlardan faydalana biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.