DÜNYA
Nazir Tinatin Xidaşeli: Gürcüstanın Hərbi Dəniz Qüvvələri yaratmaq üçün maliyyə imkanları yoxdur
Tbilisi, 9 iyul, AZƏRTAC
Bizim Hərbi Dəniz Qüvvələrimiz yoxdur. Bu cür qüvvələrin yaradılması üçün təkcə bacarıqlı hərbçi kadrların olması azdır. Bunun üçün maliyyə imkanları olmalıdır. Gürcüstanın Hərbi Dəniz Qüvvələrini yaratmaq üçün maliyyə imkanları yoxdur.
Bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib.
Nazir bildirib ki, Qara dənizdə təhlükəsizlik məsələlərini NATO həyata keçirir və Gürcüstan bu prosesdə iştirak edir. “Bizim NATO-ya üzvlüyümüzdən asılı olmayaraq Varşava Sammitində qəbul olunacaq istənilən konsepsiya Gürcüstanın iştirakı ilə qəbul ediləcək. NATO-nun Qara dənizdə keçirəcəyi istənilən bütün təlimlərdə Gürcüstan fəal iştirak edəcək”, - deyə o bildirib.
Bəzi siyasətçilər T.Xidaşelinin bəyanatını Gürcüstan-NATO əlaqələrinin inkişafının göstəricisi kimi qiymətləndiriblər.
Nazirin bu bəyanatını Gürcüstanın NATO və digər beynəlxalq təşkilatlardan, eləcə də hegemon dövlətlərdən asılılığına işarə kimi dəyərləndirənlər də var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi