CƏMİYYƏT


Nazirlik: Vətəndaşlar iyul ayında elektron xidmətlərdən 440 min 768 dəfə faydalanıblar

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərindən iyul ayında vətəndaşlar 440 min 768 dəfə faydalanıblar.

Bu barədə AZƏRTAC-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, müraciətlərin 132 min 470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 9 faiz çoxdur. Həmçinin iyun ayı ilə müqayisədə iyul ayında “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 17 faiz, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” e-xidmətindən 59 faiz, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 28,6 faiz, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 20,7 faiz çox istifadə qeydə alınıb.

Müraciətlərin sayında “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 25 faiz, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 13,5 faiz, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidməti üzrə 8,7 faiz artım özünü göstərib. “İş yerinə dair arayış”, “Pensiya kalkulyatoru”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və s. e-xidmətlərindən istifadə göstəriciləri də artıb. Əvvəlki aylarda olduğu kimi, iyul ayında da nazirliyin e-xidmətlərinin əksəriyyəti "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasında olub.

Yanvar-iyul aylarında isə nazirliyin elektron xidmətlərindən ümumilikdə 3,6 milyon dəfəyə yaxın istifadə qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.