CƏMİYYƏT


“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tbilisi beynəlxalq açıq çempionatı keçirilir

A+ A

Tbilisi, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tbilisi birinci beynəlxalq açıq çempionatı başlayıb.

Dünyanın 14 ölkəsindən 60 komandanın qatıldığı birincilikdə Azərbaycan 10 komanda ilə iştirak edir.

Gürcüstanın “Nə? Harada? Nə zaman?” klubunun prezidenti Georgi Mosidze AZƏRTAC-a bildirib ki, 2015-ci ilin noyabr ayında Tbilisidə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 13-cü dünya çempionatı keçirilmişdi. Tbilisi beynəlxalq açıq turniri isə ilk dəfədir təşkil olunur. Azərbaycan, Belarus, İsrail, Qazaxıstan, Rusiya, Latviya, Çexiya, Estoniya və digər ölkələrdən gəlmiş onlarla komanda burada öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Qalib komanda “Nə? Harada? Nə zaman?” intellektual oyununun 14-cü dünya çempionatına vəsiqə qazanacaq.

Q.Mosidzenin sözlərinə görə, bu turnirdə ilk 32-likdə qərarlaşacaq komandaların üzvləri sentyabrın 4-də Gürcüstanın Kaxeti bölgəsində məşhur rəssam Niko Pirosmani adına Muzey Mərkəzində “breyn-rinq” turnirində iştirak edəcəklər.

“Nə? Harada? Nə zaman?” Tbilisi açıq beynəlxalq çempionatının birinci günündə ilk 3 turdan sonra Azərbaycanı təmsil edən komandalardan biri, “PASHA Travel” komandası ilk üçlükdə yer alıb.

Komandanın kapitanı Ayan Bəşirzadə AZƏRTAC-a müsahibəsində deyib: “Belə bir turnir ilk dəfədir keçirilir. Biz hamımız çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək. Hazırda bizim komanda birinci üçlükdədir. Bizimlə yanaşı, bu üçlükdə bütün ölkələri təmsil edən yığma komanda və Gürcüstan komandası da var. İrəlidə 5 tur var və biz mübarizəmizi sonadək əzmlə davam etdirəcəyik”.

“Nə? Harada? Nə zaman?” Tbilisi beynəlxalq açıq çempionatı sentyabrın 3-də davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.