CƏMİYYƏT
“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII çağırış kuboku yarışı keçiriləcək
Baki 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi VII çağırış kuboku yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ənənəvi turnir çərçivəsində Bakıda və regionlarda seçim turları təşkil olunacaq. Ölkəmizin 16 regionunu əhatə edən yarışa iki mindən çox gənc qatılacaq.
VII çağırış kuboku yarışının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsidir.
Layihənin seçim turları noyabrda Bakıda və ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş 50 komanda final mərhələsinə vəsiqə qazanacaq. Kubokun final mərhələsi dekabrda Bakıda təşkil olunacaq.