CƏMİYYƏT
Neapol dairəsi yaxınlığında avtomobildə partlayıcı qurğu olması barədə məlumat təsdiqini tapmayıb
Bakı, 17 avqust, AZƏRTAC
Xətai rayonunda Neapol dairəsi yaxınlığında “Opel” markalı minik avtomobilində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) hadisə barədə məlumatlandırılıb. XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilib, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib.