SİYASƏT
Neapolda təşkil edilən tədbirdə Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə məlumat verilib
İtaliyanın Neapol şəhərində AİESEC beynəlxalq gənclər təşkilatı tərəfindən “Gənclər biznes forumda” mövzusunda tədbir keçirilib.
Dünyanın müxtəlif ölkələrinin gənclərini nüfuzlu iş adamları və mütəxəssislərlə görüşdürən tədbirin məqsədi qlobal məsələləri müzakirə etmək, dünyanın gələcəyinə təsir göstərə biləcək məqamlarla bağlı yeni ideyalar formalaşdırmaqdır.
İki yüzdən çox iştirakçının qatıldığı tədbiri AIESEC-in İtaliya nümayəndəliyinin vitse-prezidenti Gaia Alaimo açaraq müzakirə olunacaq əsas məsələlərlə bağlı məlumat verib. Bildirib ki, tədbir ictimai həyatın bütün sahələrində gənclərin rolunu genişləndirmək və onlara yeni imkanlar yaratmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat verib. Respublikamızda gənclərə qayğının hər zaman diqqət mərkəzində olduğunu deyən diplomat bildirib ki, gənc nəslin hərtərəfli yetişməsi, onların hüquqlarının qorunması, beynəlxalq arenaya inteqrasiyasının təmin edilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Azərbaycanda hazırda insan kapitalına sərmayə mühüm önəm kəsb edir. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları təhsilin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
“Şərq tərəfdaşlığı gənclər pəncərəsi” layihəsindən bəhs edən V.Hacıyev bu təşəbbüs çərçivəsində iştirakçı dövlətlərin gəncləri arasında əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.
Neapolun Partenope Universitetinin professoru Marilu Merrara, AİESEC-in Neapoldakı nümayəndəliyinin rəhbəri Valentino Addevico və digərləri gənclərin beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparmaları baxımından tədbirin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində “Sahibkarlıq prosesində yaradıcılıq”, “Sosial mediada ən yaxşı strategiyalar” və digər mövzularda seminarlar keçirilib.
Sonda iştirakçıların öz ölkələrinin mədəniyyətlərini, adət-ənənələrini və mətbəxinin ləziz təamlarını nümayiş etdirmələri üçün xüsusi mərasim təşkil olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Neapol