İQTİSADİYYAT
“Neft Daşları” yatağında yeni estakadayanı meydança quraşdırılacaq
Bakı, 28 avqust, AZƏRTAC
“Neft Daşları” yatağında yeni blok tipli 1646 nömrəli estakadayanı meydança quraşdırılacaq.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” trestidir.
Layihəyə əsasən 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 14 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq. İnşaat və istismar müddətində meydançada ətraf mühitin mühafizəsi müasir tələblərə uyğun şəkildə təmin ediləcək.
Estakadayanı meydançanın tikintisinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcəyi gözlənilir.