İQTİSADİYYAT
“Neft Daşları”da iriləşdirilmiş neftyığma məntəqəsinin tikintisi davam etdirilir
Bakı, 27 may, AZƏRTAC
“Neft Daşları” yatağında iriləşdirilmiş neftyığma məntəqəsinin tikintisi üzrə işlər “Neftqaztikinti” tresti tərəfindən uğurla davam etdirilir. İnşaat işləri “Neft Daşları” neft və qazçıxarma idarəsinin köhnəlmiş iriləşdirilmiş separasiya qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə həyata keçirilir. Obyekt kompleks xarakterli olub, 1A və 2A nömrəli iriləşdirilmiş separasiya qurğularından ibarətdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində indiyədək hidrotexniki hissələri 1479 kvadratmetr təşkil edən 1A nömrəli və 767 kvadratmetr olan 2A nömrəli iriləşdirilmiş separasiya qurğuları tikilib, texnoloji avadanlıqlar quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Bundan əlavə, mərkəzi neftyığma məntəqəsində də inşaat işləri demək olar ki başa çatdırılıb, texnoloji avadanlıqların bir hissəsi quraşdırılıb.
Hazırda avadanlıqların əlaqələndirilməsi işləri həyata keçirilir. Mərkəzi neftyığma məntəqəsi ilə əmtəə çənləri parkı arasında 5 min 500 metr uzunluğunda 200 millimetrlik estakada boyu lay suyu xətti çəkilib. Məntəqədən 1 nömrəli sexə, habelə 99, 1955 və 2164 nömrəli meydançalararası estakada boyunca uzanan 5 min 900 metr uzunluğunda yüksək təzyiqli lay suyu xəttinin də quraşdırılması nəzərdə tutulur.