İQTİSADİYYAT


Neft Daşlarında ilk quyunun fontan vurmasından 67 il ötür

A+ A

Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Noyabrın 7-si dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarında qazılan ilk quyudan neftin fontan vurduğu gündür. Düz 67 il əvvəl, 1949-cu ilin məhz bu günü 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırdı. Bununla da “qara qızıl”ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başladı.

1950-ci ilin dekabrında neftçi Qurban kimi tanınan Qurban Abbasov və Mixail Kaveroçkinin qazdığı quyuların da neft verməsi Neft Daşlarının şöhrətini daha da artırdı. Azərbaycanın dəniz neftçilərinin cəsarəti Xəzəri fəth etməyə imkan verdi. Neft Daşlarında qazma və neftçıxarma istənilən hava şəraitində aparılırdı. Güclü dalğalar, Xəzərin coşması dəniz neftçilərinin iradəsini qıra bilmirdi. Bu, sözün əsl mənasında, qəhrəmanlıq mücəssəməsi idi.

1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker yola salındı. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanıldı.

Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və okean akvatoriyalarında axtarış-kəşfiyyat işlərinin inkişafına təkan verdi. SSRİ dönəmində bütün metallurgiya sənayesində, raket-kosmik kompleksində məhz Azərbaycanda, xüsusən də Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Həmin illərdə Neft Daşlarının şöhrəti o qədər geniş yayıldı ki, bu məkan hətta dövlət başçılarının səfər proqramlarına daxil edilirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə dəniz neftinin hasilatı tarixində yeni mərhələ açdı. Neft Daşları dövlətin diqqət və qayğısı ilə əhatə olundu.

Prezident İlham Əliyevin Neft Daşlarının 60 illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri bu unikal həyata yeni nəfəs verdi. Bu səfər Neft Daşlarının vətənimiz və xalqımız üçün nə qədər gərəkli olduğunu bir daha nümayiş etdirdi.

“İlk dəfə olaraq dünya miqyasında dənizdə neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır və bu gün Neft Daşları yaşayır, Neft Daşlarında aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dünyanın nəhəng sənaye komplekslərindən olan Neft Daşları Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Neft Daşlarının kəşf olunmasında və istismarında fədakarlıq göstərən qəhrəman dəniz neftçilərinin ən böyük mükafatı isə xalqımızın və dövlətimizin onlara dərin hörmət və məhəbbətidir.

Neft Daşları bünövrəsi 1947-ci ildə qoyulan dünyada ilk neft platformasıdır. O hazırda şəhər tipli qəsəbə olaraq Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizinın səthindən azacıq qalxan “Qara qayalar”ın ətrafında tikilib. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” (“The World Is Not Enough”) filminin bəzi kadrları məhz Neft Daşlarında lentə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.