İQTİSADİYYAT
“Neft Daşları”ndakı 419A nömrəli meydança əsaslı təmir edilib
Bakı, 14 oktyabr, AZƏRTAC
“Neft Daşları”ndakı 419A nömrəli meydança əsaslı təmir olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi (İB) istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu günlərdə “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi 419A nömrəli meydança əsaslı təmir olunaraq istismara verilib.
“Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 47 ədəd möhkəmləndirici svay vurulub, 16 ədəd metal rigel, 17 ədəd metal ferma, 45 ədəd suüstü metal əlaqə və 186 ədəd dəmir-beton plitə quraşdırılıb, 125 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.
Bundan əlavə, 10 quyu şaxtası bərkidilib və rənglənib. Meydançanın perimetri boyunca məhəccər çəpəri quraşdırılıb, işıqlandırma sistemi yenidən qurulub, meydança üzərinə asfalt-beton örtüyü çəkilib, korroziyaya qarşı mühafizə işləri yerinə yetirilib. Meydançanın 871 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.