İQTİSADİYYAT


Neft Fondu “Cənub Qaz Dəhlizi”ndə Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 1,2 milyard dollar yönəldib

Bakı, 13 iyun, AZƏRTAC

2014-2016-cı illərdə “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) ümumilikdə 1 milyard 232,1 milyon dollar vəsait yönəldilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli Sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD QSC) təsis edilib. Sərəncamın 2.1.-ci bəndi ilə CQD-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb. 2016-cı ildə CQD-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə ARDNF tərəfindən 797,4 milyon manat və yaxud 495,2 milyon ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb. 2014-2016-cı illər ərzində “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə ARDNF-dən ümumilikdə 1 milyard 232,1 milyon ABŞ dolları və yaxud 1 milyard 530,3 milyon manat vəsait yönəldilib.

“2014-cü il ərzində CQD-nin Müşahidə Şurasının 28 aprel, 15 iyul, 10 sentyabr və 21 noyabr tarixli qərarlarına əsasən layihələrin icrasının maliyyələşdirilməsinin təminatı məqsədilə cəmiyyət tərəfindən 2 milyard 516 milyon 995 min 800 ABŞ dolları həcmində korporativ istiqrazlar aşağıdakı xüsusiyyətlərdə emissiya edilib. Bitmə tarixi isə 10 il müəyyən edilib. İllik faiz dərəcəsi 6 aylıq LİBOR + 1 faiz və 7 il ərzində yığılan faizlərin sonradan ödənilməsi nəzərdə tutulub (7 il möhlət müddəti)”, - deyə hesabatda bildirilir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.