İQTİSADİYYAT


Neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılması qərarına Azərbaycan da razılıq verib

Bakı, 25 may, Nihad Budaqov, AZƏRTAC

Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması qərarına Azərbaycan da qoşulub.

AZƏRTAC xəbər verir ki, iclasın yekunlarına dair açıqlama verən energetika naziri Natiq Əliyev iclasda Vyana sazişinin nəticələri təhlil edilərək neftin qiymətinin 50-55 dollar/barrel arasında qərarlaşması barədə razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunduğunu deyib: "Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib. OPEC rəhbərliyi təşkilata üzv ölkələr və kartelə daxil olmayan ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilmə səviyyəsini təqdir edib. Bildirilib ki, ən son məlumatlara görə, hasilatın azaldılması ilə bağlı öhdəliklərə OPEC ölkələri 104 faiz, qeyri-OPEC ölkələri isə 102 faiz əməl edib. Toplantıda dünya iqtisadiyyatının inkişaf templəri, ilin sonuna kimi gözləntilər, trendlər, neft, neft məhsullarını əks etdirən təqdimatlar edilib. Bu məlumatların təhlili əsasında hasilatın azaldılmasının 9 ay uzadılması ilə bağlı Monitorinq Komitəsinin təklifi irəli sürülüb və yekdilliklə razılaşdırılıb".

Natiq Əliyevin sözlərinə görə, yarımillik müddət qış mövsümünü tam əhatə etmədiyinə və qışda qiymətlər tez-tez dəyişdiyinə görə 24 ölkənin nümayəndələri hasilatın azaldılması üzrə sazişin müddətinin 6 ay əvəzinə 9 ay uzadılmasını məqbul hesab ediblər. Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr Bəyannamə imzalayıblar.

Dünya enerji bazarında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşəbbüslərə qoşulan ilk ölkələrdən biri kimi Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasına dəstəyini ifadə edib.

N.Əliyev bildirib ki, Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi gözlənilir: ”Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Azərbaycan bu sazişin gələn ilin sonuna kimi davam etdirilməsində də heç bir problem görmür".

Nazirin sözlərinə görə, hasilatın əlavə həcmdə azaldılması ilə bağlı müzakirə aparılmayıb. O bildirib ki, növbəti belə bir görüş Vyanada bu il noyabrın 30-da keçiriləcək.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə hazırkı sazişin müddəti iyunun 30-da bitir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.