İQTİSADİYYAT


Neft hasilatının azaldılmasının monitorinqi üzrə nazirlər səviyyəsində görüş martın 27-də keçiriləcək

Bakı, 14 fevral, AZƏRTAC

Venesuela Neft Nazirliyinin verdiyi məlumata görə, neft hasil edən ölkələrdə hasilatın azaldılmasının monitorinqi üzrə nazirlər səviyyəsində görüş martın 27-də keçiriləcək.

Nazirliyin twitter şəbəkəsindəki mikrobloqunda dərc edilmiş məlumatda deyilir: “Martın 27-də OPEK üzvü olan ölkələrin və bu kartelə daxil olmayan ölkələrin hasilat barədə razılaşmasının monitorinqi üzrə Nazirlər Komitəsinin görüşü keçiriləcək”.

Xatırladaq ki, OPEK-in 2016-cı il noyabrın 30-da Vyanada keçirilmiş iclasında bu ölkələrdə hasilatın oktyabr ayında qeydə alınmış səviyyəsinə nisbətən gündə 1,2 milyon barrel azaldılaraq gündə 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. 2016-cı il dekabrın 10-da isə OPEK-ə daxil olmayan 11 ölkənin Vyana görüşündə bu ölkələrdə hasilatın üst-üstə gündə 558 min barrel, o cümlədən Azərbaycanda gündəlik hasilatın 35 min barrel azaldılmasına dair saziş bağlanıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin artırıla bilməsi nəzərdə tutulub.

Sazişin yerinə yetirilməsinə nəzarət üçün Monitorinq Komitəsi yaradılıb. Həmin komitəyə OPEK üzvü olan 3 ölkə (Venesuela, Küveyt və Əlcəzair), bu təşkilata daxil olmayan 2 ölkə (Rusiya və Oman), habelə Səudiyyə Ərəbistanın nümayəndəsi daxildir.

Monitorinq Komitəsinin ilk görüşü yanvarın 21-22-də Vyanada keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.