İQTİSADİYYAT


Neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı işə başlayıb

A+ A

AZƏRTAC konfransın media tərəfdaşlarından biridır

Riqa, 25 oktyabr, AZƏRTAC

Riqada Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı işinə başlayıb. Konfransın media tərəfdaşlarından biri AZƏRTAC-dır.

Konfransda aparıcı neft-qaz və nəqliyyat şirkətləri və müəssisələrinin, dövlət strukturlarının nümayəndələri, Böyük Britaniya, Rusiya, Belarus, Qazaxıstan, Baltikyanı ölkələr, Polşa, Belçika, İsveçrə və Avropanın bir sıra dövlətlərindən ekspertlər iştirak edirlər.

Konfransda Avrasiya İqtisadi İttifaqının iştirakçı ölkələrinin ixrac rüsumlarının razılaşdırılması, dəniz daşımalarına tələbatın dinamikası, tərsanələrin sifariş portfelləri, təbii maye qazın uzunmüddətli və nağd bazarları, Şərqi Baltik ölkələrinin ticarət axınının – maye karbohidrogenlərin dünya ticarət axınının bir hissəsi kimi nəzərdən keçirilməsi, qiymətqoymanın xüsusiyyətləri və Rusiya ixrac neftinin Baltikyanı ölkələrdə bölüşdürülməsi məsələləri müzakirə olunur.

Konfransın dünya neft-qaz bazarına həsr edilmiş birinci sessiyasında neft bazarları üzrə “S&P Global Platts”ın aparıcı redaktoru Nik Kolman dünyada neftin qiymətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Avropaya ixracın həcmi artıb və avqust ayında yeni rekord səviyyəyə – gündə 2000 barrelə çatıb. Rusiyanın neft-qaz şirkətləri ilə rəqabət aparan İran (gündə 3,7 milyon barrel) beynəlxalq bazara, eləcə də Avropa bazarına qayıdıb. Polşanın “Lotos” şirkəti tədricən İran neftinə keçir.

“World Economic Forum”un neft və qaz departamentinin rəhbəri Maçey Kolaskovski dünyada neftə tələbatın perspektivləri və bunun regiona təsiri barədə məruzəsində regionda neft hasilatına təsir göstərən iki əsas amili qeyd edib. Bu amillərdən birincisi 2020-ci ildən atmosferə karbon qazı atılmasının azaldılması üzrə tənzimləyici tədbirləri nəzərdə tutan BMT–nin iqlim dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Paris Sazişinin imzalanması, ikincisi isə elektromobillərin meydana çıxması və kütləvi yayılmağa başlamasıdır.

M.Kolaskovski qeyd edib ki, neft sənayesindən ehtiyatların balansa qoyulmasına və hasilatın yüksəlməsinə əsaslanmayan qiymət təklifləri hazırlamaq tələb olunur.

“Şərq-Qərb” İnstitutunun (Belçika) enerji təhlükəsizliyi üzrə böyük elmi işçisi Danila Boçkarev AZƏRTAC-a müsahibəsində Azərbaycandan enerji daşıyıcıları (xüsusilə təbii qazın) təchizatının Avropanın enerji daşıyıcılarının şaxələndirilməsi siyasəti üçün həlledici rolunu vurğulayıb. “Əslində Bakı “Cənub” qaz dəhlizinin – Aİ enerji siyasətinin mərkəzidir. Brüsselin bu mövqeyi bir sıra obyektiv amillərlə izah edilir:

- -Qaz təchizatının mövcudluğu. Azərbaycan nəhəng ehtiyat bazalarına malikdir, son illər ölkədə qaz istehsalı və ixracı artır.

- “Cənub” qaz dəhlizi üçün əsas mənbə olan “Şahdəniz-2” yatağında işləyən beynəlxalq enerji şirkətlərinə əlverişli biznes və investisiya mühiti yaradılıb.

- Avropa şirkətləri, o cümlədən BP artıq Azərbaycanda işləyir və əməkdaşlıqdan bütövlükdə razıdır.

- Nəqliyyat infrastrukturu “Cənub” qaz dəhlizini formalaşdıraraq sürətlə inkişaf edir ki, bu da artıq 2020-ci ildə Azərbaycan qazının Avropa bazarına göndərilməsinə imkan yaradacaq. Bu infrastruktur gələcəkdə Azərbaycandan “Şahdəniz-2” layihəsinə aid olmayan əlavə qaz göndərilməsi məqsədilə inkişaf etdirilə bilər”.

Bütün bu faktlar Brüsselin Avropaya enerji ehtiyatlarının əsas təchizatçılarından biri qismində Azərbaycana tərəfdaş marağını izah edir.

“Confidence Capital” şirkətinin direktoru Andrey Rudenko AZƏRTAC-a müsahibəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ixrac etdiyi neft növlərindən biri olan “Azeri Light” markası bir çox kotirovkalarda qiymət formalaşdıran səbətlərə daxildir, aparıcı analitiklər tərəfindən nəzərə alınır və Aralıq dənizində emal üçün əsas növlərdən biridir.

“Confidence Capital” şirkətinin direktoru deyib ki, hər zaman dövlətin mənafeyi naminə müstəqil siyasət yürüdən Azərbaycan Avropaya neft və qazın mühüm ixracatçılarından biri olaraq qalır.

Neft-qaz ticarəti və nəqli üzrə VI Baltik konfransı öz işini “Avropa qaz bazarı; bunker üçün yanacaq bazarı”, “Dəniz daşınması, neftdaşıyan və qazdaşıyan tankerlər bazarı” adlı sessiyalarla davam etdirəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.