REGİONLAR
Neftçala Sənaye Zonasında "Azeurocar" avtomobil istehsalı müəssisəsinin iyulda fəaliyyətə başlaması planlaşdırılır
Bakı, 24 yanvar, AZƏRTAC
Neftçala Sənaye Zonasında 600-dən çox yeni iş yerinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Bu layihələrə 49 milyon manatdan çox ümumi investisiya qoyuluşu nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında deyib.
"Sənaye zonasında 5 müəssisə - karton stəkan istehsal edən "Sun Rise Production", polietilen boru istehsal edən "Toğrul-2008", kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi "Petroqeoaz", modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan "Providence Doytch Limited" və balıq yemi istehsal edən "Kəhf" şirkətləri bu ilin yanvar-mart aylarında məhsul istehsalına başlayacaq. Avtomobil istehsal edən "Azeurocar"ın isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlaması planlaşdırılır. Digər layihələrin icrası istiqamətində də işlər görülür", - deyə nazir diqqətə çatdırıb.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər də intensiv davam etdirilir. Sahibkarların sənaye zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir.