REGİONLAR
Neftçala rayonunda ilk dəfə soya bitkisi becərilib VİDEO
Neftçala, 1 sentyabr, AZƏRTAC
Neftçala rayonunda ilk dəfə soya bitkisi becərilib. Gələn ayın birinci ongünlüyündə məhsul yığımına start veriləcək.
AZƏRTAC xəbər verir ki, quşçuluğun inkişaf etdirilməsi üçün soya bitkisi əvəzsiz məhsuldur. Son illər ölkəmizdə olduğu kimi, Neftçala rayonunda da bu məhsula maraq xeyli artıb. Belə ki, aprel ayında rayonun Tatarməhlə kəndində ilk dəfə olaraq 56 hektarda soya bitkisi əkilib. Əkin zamanı hər hektara 35 kiloqram soya toxumu səpilib. Bitkilərə vaxtında aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Əslində, fermerlər rayonda ilk dəfə soya bitkisi əkilərkən məhsuldarlığın belə olacağını gözləmirdilər.
Bu bitki digərləri ilə müqayisədə xeyli gəlirlidir. Bu il soya sahələrinin hər hektarından 20-25 sentner məhsul gözlənilir. Məhsulun satışında fermerlər üçün heç bir problem olmayacaq. Artıq soya məhsulunu almaq üçün bir sıra quşçuluq fabrikləri ilə müqavilə də imzalanıb.
Satış zamanı 1 ton soya məhsuluna 1000 manatdan bir qədər artıq pul ödəniləcək ki, bu da fermerlər üçün olduqca sərfəlidir. Necə deyərlər, fermerlər digər məhsullarla müqayisədə soya bitkisindən ikiqat gəlir əldə edə biləcəklər. Odur ki, rayonda gələn il 400 hektar sahədə soya bitkisinin əkilməsi gözlənilir.