REGİONLAR
Neftçala sənaye məhəlləsinin iyun ayında istifadəyə verilməsi planlaşdırılır
Neftçala, 13 fevral, Mahir Babayev, AZƏRTAC
Neftçalada 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra toplantı iştirakçıları rayonun sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olublar.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev bildirib ki, 2015-ci ildə ümumi məhsul istehsalı 3,5 faiz artaraq 204,2 milyon manata çatıb. Bunun 23,8 milyon manatını sənaye, 86,7 milyon manatını kənd təsərrüfatı məhsulları təşkil edib, qalanı isə digər istehsal və xidmət sahələrinə aid olub. Özəl bölmənin rayon iqtisadiyyatında çəkisinin hazırda 90,6 faiz olduğunu deyən icra başçısı diqqətə çatdırıb ki, hesabat dövründə 10 yeni müəssisə yaradılıb, 1 müəssisənin fəaliyyəti bərpa olunub, 609 fiziki şəxs fəaliyyətə başlayıb və bunun hesabına da rayonda 726 daimi yeni iş yeri açılıb. Qeyd olunub ki, əsas kapitala qoyulan investisiyalar 17 milyon manata yaxın olub. Bu da abadlıq-quruculuq işləri, sosialyönümlü layihələrin gerçəkləşməsinə imkan yaradıb. Vurğulanıb ki, dövlətimizin başçısının tapşırığı ilə Neftçala sənaye məhəlləsinin tikintisində işlərin artıq 70-80 faizi yekunlaşıb və bu ilin iyun ayında istifadəyə verilməsi gözlənilir.
Məlumat verilib ki, hesabat dövründə 21 yaşayış məntəqəsini əhatə edən Şorkənd-Şirvanlı avtomobil yolunun tikintisi davam edib, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon şöbələrinin yeni inzibati binalarının tikintisi yekunlaşıb. Bundan əlavə, 34 hektar sahəsi olan “Axmaz göl”ün təmizlənməsi və dərinləşdirilməsi layihəsinin icrası, küçə və prospektlərin yenidən qurulması, Kür çayının sağ sahilində bulvarın genişləndirilməsi işləri davam etdirilib, Heydər Əliyev prospekti boyunca yaşayış və inzibati binaların fasad hissəsi müasir üslubda yenidən tikilib, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Ötən il 13 kənd təbii qazla təmin olunub, hazırda 8 kəndə bu istiqamətdə işlər davam etdirilir. Dövlət başçısının sərəncamı ilə rayon mərkəzi xəstəxanası əsaslı şəkildə yenidən qurulur.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər xidmət sahələrinin işi ətraflı təhlil olunub. Eyni zamanda, cari ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.