REGİONLAR
Neftçala və Salyan rayonlarında elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılır
Bakı, 13 may, AZƏRTAC
“Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Neftçala və Salyan elektrik şəbəkələrində “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində şəhər və rayonlarda elektrik enerjisi təchizatı daha da yaxşılaşır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir.
Neftçala və Salyan elektrik şəbəkələrində 0,4 kilovoltluq (kV) hava elektrik verilişi xətləri yenilənib və işlər aprelin sonunadək davam etdiriləcək.
Rayon mərkəzlərində, qəsəbə və kəndlərdə olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqla, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənir, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun olmayan alüminium naqillər isə özünü daşıyan izolyasiyalı naqillərlə əvəz olunur.
“Azərişıq” ASC bu istiqamətdə təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. 2017-ci il “Azərişıq” ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb.
Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.
İstehlakçıların fasiləsiz və yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər cari ildə də davam etdiriləcək.