REGİONLAR
Neftçalada 18 mindən çox rayon sakini kütləvi pulsuz tibbi müayinədən keçib
Neftçala, 27 mart, Mahir Babayev, AZƏRTAC
Neftçalada əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində üç peşəkar həkim briqadası yaradılıb və rentgen, ultrasəs müayinəsi, exokardiqoram, laborator və digər müayinələr aparılır.
Humanitar aksiya rayon üzrə 64 mindən çox əhalini əhatə edir. Kənd və qəsəbələrdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanı məhdud və ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Üç səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Qrafikə uyğun olaraq ilk mərhələdə şəhər sakinləri, idarə, müəssisə və təşkilatlarda işləyənlər tibbi müayinələrdən keçirilirlər. Artıq 1 şəhər və 83 kollektivdə müayinələr başa çatdırılıb. Tibbi müayinədən keçirilmiş 18 min nəfərdən 622-si ambulator, 5 nəfəri stasionar müalicəyə cəlb olunub. 10 nəfər isə müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Hazırda rayonun 51 yaşayış məntəqəsində aksiyanın mütəşəkkil keçirilməsi üçün operativ tədbirlər və təşkilati işlər görülür. Sabahdan kənd və qəsəbə sakinlərinin kütləvi dispanserizasiyasına başlanılacaq.