REGİONLAR
Neftçalada 47 min 433 nəfər tibbi müayinədən yararlanıb
Neftçala, 26 aprel, Mahir Babayev, AZƏRTAC
Neftçalada əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir. Fevralın 15-dən - aksiya başlanandan bu günədək rayon üzrə 47 min 433 nəfər tibbi müayinədən keçirilib.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsindən AZƏRTAC-a bildirilib ki, humanitar aksiya rayon üzrə 64 min 415 nəfər sakini əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 2 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də aksiyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə olunur.
Rayon mərkəzi ilə yanaşı, təşkilatlarda çalışan və kəndlərdə yaşayan sakinlərin də kütləvi tibbi müayinəsi uğurla aparılır. Artıq 52 yaşayış məntəqəsindən 23-də tibbi müayinələr başa çatdırılıb.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə bərabər, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Müayinələr zamanı xəstəlik aşkarlanan 1525 nəfər ambulator, 12 xəstə stasionar müalicəyə cəlb olunub. 14 xəstə isə daha ətraflı müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər.