REGİONLAR
Neftçalada 64 mindən çox rayon sakini pulsuz tibbi müayinədən keçiriləcək VİDEO
Neftçala, 22 fevral, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi Neftçalada uğurla aparılır.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasinin cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada insanların müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət üç peşəkar həkim briqadası yaradılıb və rentgen, ultrasəs, laborator və digər müayinələr aparılır.
Humanitar aksiya rayon üzrə 64 mindən çox əhalini əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Üç səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə həyata keçirir.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası,15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Qrafikə uyğun olaraq, ilkin mərhələdə şəhər sakinləri, idarə, müəssisə və təşkilatda işləyənlər tibbi müayinələrə cəlb olunub. Artıq 5 kollektivdə müayinələr başa çatdırılıb. Müayinədən keçirilmiş 3500 nəfərdən 123-ü ambulator, 6-sı stasionar müalicəyə cəlb edilib. 7 nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Hazırda rayonun 52 yaşayış məntəqəsində aksiyanın mütəşəkkil keçirilməsi üçün operativ tədbirlər və təşkilati işlər görülür. Yaxın günlərdə kənd və qəsəbə sakinlərinin də kütləvi tibbi müayinəsinə başlanılacaq.