REGİONLAR
Neftçalada bu il 6 modul tipli məktəb binası quraşdırılacaq
Neftçala, 26 iyun, Mahir Babayev, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən cari ildə Neftçalada ümumi orta məktəblər üçün 6 modul tipli məktəb binası quraşdırılacaq.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilin əvvəlindən rayonda bu tip məktəb binalarının quraşdırılmasına başlanılıb. Artıq rayonun Yenikənd və Tatarməhlə kəndlərində quraşdırılan məktəb binalarında inşaat işləri başa çatmaq üzrədir. 8 sinif otağından ibarət olan məktəb binaları 56 şagird yerlikdir. Məktəblərdə şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şərait yaradılır.
Yaxın günlərdə rayonun Şorkənd, Ərəbqardaşbəyli, Mikayıllı və Mayaq kəndlərində də bu tip məktəb binalarının quraşdırılmasına başlanılacaq. Məktəb binalarının inşası üçün bütün sənədləşmə işləri başa çatdırılıb, kəndlərdə müvafiq yer seçilib. Binaların tikintisi yeni tədris ilinədək başa çatdırılacaq.