REGİONLAR
Neftçalada əkinə yararsız torpaq sahələri istifadəyə cəlb olunur
Biləsuvar, 26 dekabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığı inkişaf etdirmək məqsədilə əkin sahələrinin genişləndirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonun Boyat kəndinin və dörd yaşayış məntəqəsinin ərazisində illərlə istifadəsiz qalan, daim qurunt suları içində olan əkinə yararsız torpaq sahələrinin münbitləşdirilməsi üçün Baş Mil-Muğan Kollektoru idarəsi tərəfindən yığıcı kollektorların çəkilməsinə başlanılıb. Qısa müddətdə eni 4, dərinliyi 2 metr olan 6 kilometr uzunluğunda yığıcı kollektor xətti çəkilib. Həyata keçirilən tədbirlər nəticəsində ərazidəki sular birbaşa Baş Mil-Muğan Kollektoruna axıdılır, oradan isə Xəzər dənizinə ötürülür.
Baş Mil-Muğan Kollektoru idarəsinin rəisi Bayat Ağabəyov AZƏRTAC-a bildirib ki, meliorativ tədbirlər nəticəsində artıq 3 min hektar torpaq sahəsi yararlı hala salınaraq əkin dövriyyəsinə qatılıb. Hazırda bu sahələrdə 28-32 santimetr dərinliyində şum qaldırılır. Rayonun Abasalı, Tatarməhlə və digər kəndlərində də belə layihələrin icrası sayəsində min hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək.
Gələn il rayonda 30 min tona yaxın məhsul istehsalı üçün 10 min 100 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.