Neftçalada ötən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə 360 nəfər işlə təmin olunub
Neftçala, 5 yanvar, Mahir Babayev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Neftçala rayon şöbəsi ötən il rayon icra hakimiyyəti, idarə, müəssisə və təşkilatlarla birlikdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsiz və iş axtaranların müvafiq işlə təmin olunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirib.
Rayon Məşğulluq Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2017-ci ildə rayon üzrə 1316 nəfər işsiz və iş axtarandan 360 nəfəri işlə təmin olunub. Həmin müddətdə 112 nəfərə müavinət ödənilib.
İşsiz və iş axtaranların işlə təmin olması məqsədi ilə ötən ilin iyun ayında rayonda icra hakimiyyəti ilə birgə əmək yarmarkası keçirilib. Yarmarkada işsizlərə 81-i dövlət, 209-u isə qeyri-dövlət sektoruna məxsus olmaqla, 290 iş yeri təklif edilib. Əmək yarmarkasında iştirak edən 298 iş axtarandan 81-nə müəssisə və təşkilatlara göndəriş verilib.