REGİONLAR


Neftçaladakı Nərə Balıqartırma Zavodu indiyədək Xəzər dənizinə 45 milyondan çox nərə körpəsi buraxıb VİDEO

Neftçala, 5 fevral, Mahir Babayev, AZƏRTAC

Neftçaladakı Xıllı Nərə Balıqartırma Zavodu hər il Kür çayı vasitəsilə Xəzər dənizinə 5 milyon nərə körpəsi köçürür. Zavod fəaliyyət göstərdiyi 2003-cü ildən bəri, ümumilikdə, 45 milyondan çox müxtəlif növ nərə cinsli balıq körpəsi yetişdirərək dənizə buraxıb. Balıqartırma zavodu əsasən, nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.

AZƏRTAC xəbər verir ki, yaz-yay balıqartırma mövsümündə yetişdirilən nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək 80-150 qrama çatdırıldıqdan sonra Kür çayının mənsəbinə buraxılır. Son illərin təcrübəsi göstərir ki, ənənəvi normal çəkidən daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektli olur və onların açıq dənizdə yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq, zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və istehsal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub.

Zavodun direktor əvəzi Kamal Bayramov AZƏRTAC-a bildirib ki, 2013-cü ildə Azərbaycanda balıqartırma tarixində ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Kürüdən-kürüyə prinsipi qorunaraq zavodda saxlanılan və təmir-törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb. Təmir-törədici fondu yaradılması məqsədilə Xıllı Nərə Balıqartırma Zavodunda 2004-cü ildən elmi-praktiki eksperimentlər keçirilir. Hazırda zavod şəraitində süni yolla alınmış 5500-dən çox nərə cinsli balıqlar saxlanılır.

Qeyd edək ki, zavod Xəzəryanı ölkələr sırasında nərə körpələrinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncü yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.