İDMAN
“Neftçi” 3 legioner futbolçunu baxışa çağırıb
Bakı, 7 oktyabr, AZƏRTAC
“Neftçi” heyətini gücləndirmək üçün yeni futbolçuları baxışa çağırıb.
AZƏRTAC xəbər verir ki, futbolçuların hər üçü legionerdir. Baxışda olanlardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir.
31 yaşlı serbiyalı qolkiper Boban Baykoviç “Srvena Zvezda”, “Yedinstvo”, “Radniçki”, “Rad”, “Smederevo”, “Srem Mitrovitsa” klublarının, eləcə də Çernoqoriya “Lovçen”inin və Belçika “Lyers”inin qapısını qoruyub.
Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın “Olimp” və “Skonto”, Ukraynanın “Sevastopol” və Polşanın “Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.
Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə “Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Braziliyanın “Qremio Barueri”, Fransanın “Anje” və “Luson” klublarının da formasını geyinib.