İDMAN
“Neftçi İdman Klubu”nun cüdoçuları Bakı birinciliyində 9 medal qazanıblar
Bakı, 12 noyabr, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışda 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
Yarışa 37 idmançı ilə qatılan “Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyində böyük əzmkarlıq nümayiş etdirərək 4-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə 9 medala yiyələniblər.
Oğlanlar arasında Rişad Xanlarzadə (90 kq) və Camal Feyziyev (90 kq-dan yuxarı) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final görüşündə məğlub olan İbrahim Ağakişiyev (81 kq) gümüş, Şükran Zamanlı (46 kq), Murad İbrahimov (50 kq) və Davud Abbaslı (60 kq) isə bürünc medala layiq görülüblər.
Qızların mübarizəsində 52 kiloqram çəki dərəcəsində çıxış edən Ülviyyə Bayramova və Cəmalə Muqumova (70 kq) bütün görüşlərdən qalib ayrılıblar və yarışın qalibi adını qazanıblar. Əsmər İsgəndərova (52 kq) isə paytaxt birinciliyini 3-cü yerdə başa vurub.
Qeyd edək ki, yeniyetmə cüdoçularımız ümumkomanda hesabında birinci yeri tutublar.