İDMAN


“Neftçi” “İnter”ın məğlubiyyətsiz seriyasına son qoydu

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Topaz Premyer Liqasının XI turu çərçivəsində günün ikinci qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı derbisində “Neftçi” “Bakcell Arena”da “İnter”lə üz-üzə gəlib. Üç oyundur xal qazana bilməyən “Neftçi” cari mövsümdə uduzmayan Zaur Svanadzenin yetirmələrinə 2:1 hesabı ilə qalib gəlib. “Neftçi” ilk mövsümdə “İnter”dən aldığı 1:2 hesablı məğlubiyyətin revanşını almağı bacarıb-2:1.

Matçın ilk hissəsi komandaların qarşılıqlı hücumları ilə yadda qalsa da, qapılara qol vurulmayıb. İkinci 45 dəqiqəyə meydan sahibləri daha fəal başlayıblar. “Neftçi”nin yeni transferi Yohan Pessali komandasına qol sevinci yaşadıb. O, 53-cü dəqiqədə qonaqların qolkiperi Səlahət Ağayevi məyus etməyi bacarıb-1:0.

Meydan sahibləri ikinci qolu 61-ci dəqiqədə penaltidən vurub. Cərimə meydançasından kənarda Zürab Xizanişvilinin əllə oyununu baş hakim Rəvan Həmzəzadə penalti kimi dəyərləndirib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb-2:0. Lakin oyunun sonlarına yaxın penaltiyə səbəb olan gürcüstanlı legioner qollardan birinin əvəzini çıxa bilib. O, 90-cı dəqiqədə fərqi birə endirib. Bundan sonra qapılara qol vurulmayıb və oyun meydan sahiblərinin 2:1 xeyrinə başa çatıb.

Bu nəticədən sonra “Neftçi” xal ehtiyatını doqquza çatdırıb və ən yaxın qonşusu “Sumqayıt”la fərqi birə endirib. “İnter” isə 20 xalla üçüncüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.