İDMAN


“Neftçi” fan-klubunun prezidenti “Skala” klubunun rəhbərliyi və üzvləri ilə görüşüb

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti Elmar Məmmədov klubun yerli futbol komandaları ilə əməkdaşlığının yaradılması üçün fəal iş aparır.

Belə görüşlərdən biri də Morşin şəhərinin “Skala” futbol klubunun rəhbərliyi və üzvləri ilə keçirilib.

Fan-klubdan AZƏRTAC-a verilən məlumata görə, “Skala” klubunun prezidenti Nikolay Kmit ilə görüş zamanı E.Məmmədov Azərbaycanın idman həyatında baş verən hadisələr haqqında məlumat verərək bildirib ki, bir çox mütəxəssislərin fikrincə, son illərdə Azərbaycan güclü idman dövlətinə çevrilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ölkəmizdə idmanın inkişafına böyük əhəmiyyət verir. Azərbaycanda şaxələndirilmiş idman infrastrukturu yaradılır.

Son illərdə regionlarda 40-dan çox Olimpiya idman mərkəzi yaradılıb. Bakıda idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son iki ildə bir neçə gözəl, möhtəşəm idman obyekti, o cümlədən Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı istismara verilib. Bu idman obyektləri həm də gözəl memarlıq əsərləridir. Onlar Bakıya daha çox gözəllik verir. Azərbaycanda futbolun inkişafına da böyük diqqət yetirilir.

Dost Azərbaycanın uğurlarının Ukraynada ruh yüksəkliyi ilə izləndiyini bildirən “Skala” klubunun prezidenti Nikolay Kmit deyib: “Son illərdə ölkənizdə Ukrayna idmançılarının da iştirak etdiyi beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilib. Bunu uzun illərdir müşahidə edirik.

Azərbaycan ədalətli olaraq güclü idman dövləti hesab olunur. Ölkənizdə bütün oyunları ən yüksək səviyyədə keçirməyə imkan verən ən müasir idman infrastrukturu yaradılıb. Azərbaycanda Avropa Oyunlarının keçirilməsi buna əyani sübutdur.

Olimpiya Oyunlarına hazırlığa 7-8 il ayrılır. Avropa Oyunları həqiqətən Yay Olimpiya Oyunları səviyyəsində keçirilib və bundan ötrü Azərbaycana cəmi iki il kifayət edib.

Bu il Azərbaycanda ilk dəfə “Formula-1” yarışları keçirilib. Beynəlxalq reytinqinə görə bu yarış Yay Olimpiya Oyunları və dünya futbol çempionatı ilə eyni səviyyədədir. Həmin yarışların tamaşaçı auditoriyası 500 milyon nəfərdir və 500 milyon adam Bakının gözəlliyindən zövq alıb. Bu il Bakıda Ümumdünya Şahmat Olimpiadası müvəffəqiyyətlə keçdi. Gələn il İslam Həmrəylik Oyunları olacaq. Bu, ölkənizin potensialını nümayiş etdirir. Əlbəttə, bütün bu uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır”.

Fan-klublar arasında əməkdaşlıqdan danışan Nikolay Kmit bildirib ki, Ukraynada “Neftçi”nin nailiyyətlərini unutmayıblar və bu komandaya həm öz meydanında, həm də Avropa meydanlarında yeni idman uğurları diləyirlər.

Görüşdə fan-klubların əməkdaşlığına, onların qarşılıqlı səfərlərinə, gənc idmançıların futbol akademiyalarında təcrübə keçməsinə dair tədbirlər razılaşdırılıb.

Xatırladaq ki, Elmar Məmmədov “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.